Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə Rusiya XİN-ə nota göndərib.
Vesti.ru xəbər verir ki, bu barədə "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov "Rossiya 24" telekanalının efirində bildirib: "Notada deyilir ki, bizim nümayəndəliyimiz, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir".
Primakovun sözlərinə görə, Rusiya dəfələrlə Bakıdan qeydiyyatla bağlı kömək istəyib, lakin cavab almayıb.
XİN təsdiqləyir
"Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun tənzimlənir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "Rossotrudniçestvo" agentliyi ilə bağlı yerli medianın sualına cavabda deyib. Onun sözlərinə görə, "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə məlumat verilib. Bu il fevralın 3-də isə onun fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərilib.
Sözçü Rusiyadan bu qərara uyğun tədbirlər gözlənildiyini vurğulayıb.
28 yanvar
Rusiya səfiri də Azərbaycan XİN-ə çağrılıb
Yanvarın 28-də Rusiya Federasiyasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.
Azərbaycan XİN bildirir ki, görüş zamanı Rusiya mətbuatında, eləcə də bəzi rəsmi dairələri tərəfindən "dezinformasiya xarakterli", onları "hədəf alan" yazıların dərc olunmasının anlaşılmazlıq yaratdığı, iki ölkə arasında 3 il əvvəl imzalanan "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb: "AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiyadan gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb".
Açıqlamaya görə, yerli mətbu orqanında "Rus evi" ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.
Rusiya XİN
27 yanvar
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Rusiya Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, yanvarın 27-də Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevi bu quruma dəvət ediblər və nazir müavini Mixail Qaluzin onunla görüşüb.
XİN-in məlumatına görə, görüş zamanı nazir müavini "Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda əlaqələrin qurulmasının mütləq əhəmiyyətini vurğulayıb".
Açıqlamaya görə, görüşdə habelə "Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə olan silsilə yazılar, eləcə də Bakıda Rus Evinə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı təəccüb ifadə olunub".
Bugünlərdə hakimiyyətyönlü "Baku TV" peyk telekanalında Bakıda yerləşən "Rus Evi" mədəniyyət mərkəzi ilə bağlı reportaj efirə gedib. "Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi" adlı süjetdə bu qurumun fəaliyyəti ilə bağlı bir sıra iddialar yer alıb. Rusiya XİN bildirib ki, Mixail Qaluzin bu iddiaları "tamamilə əsassız" adlandırıb.
Görüşdə həmçinin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması da müzakirə olunub. "Faciənin bütün detallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb", -Rusiya XİN bildirib.
Xatırlatma
Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL təyyarəsi Aktauda qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Azərbaycan prezidenti İlham Əliyev yerli mediaya deyib ki, sərnişin təyyarəsi Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalıb, idarəetməni tam itirib, Qazaxıstanın Aktau şəhərinə yönləndirilib və yalnız pilotların şücaəti, peşəkarlığı sayəsində qəza enişi edə bilib.
Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarına zəng edərək başsağlığı verib və hadisənin Rusiya səmasında baş verdiyinə görə üzr istəyib. Ancaq Rusiya hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.
Azərbaycan həm məsuliyyətin müəyyən olunması və həm də kompensasiya ödənilməsini tələb edir.