Əli Kərimli haqqında ittiham hökmü qüvvəyə mindi: 'Bilirdim ki, hakimiyyət məndən əl çəkməyəcək'

Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında ittiham hökmü qüvvəyə minib. Nəsimi rayon Məhkəməsinin ötən il dekabrın 2-də illər öncə AXCP-dən çıxarılmış Aydın Əliyevin şikayəti əsasında verdiyi hökm qüvvədə qalıb. Həmin hökmə görə, Ə.Kərimli Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilinmiş və 1500 manat cərimələnmişdi. Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsi o cəzanı qüvvədə saxlayıb.

A.Əliyev Ə.Kərimlinin internet televiziyalarındakı çıxışlarında ona böhtan atdığını, hakimiyyətlə əməkdaşlıqda suçladığını iddia edir.

Fevralın 6-dakı məhkəmədə Ə.Kərimli bu hökmü əsasız saydığını təkrar dilə gətirərək sözügedən məhkəməni hüquqi yox, siyasi proses olduğunu vurğulayıb. Onun fikrincə, haqqındakı hökm həm də mənfi presedent yaradır: "Bu hökmdən belə çıxır ki, kiməsə hakimiyyətlə əməkdaşlıq etdiyini demək onun şərəf və ləyaqətini aşağılamaqdır".

Ə.Kərimli əlavə edib ki, A.Əliyevin partiyadan çıxarılması qərarını özü yox, AXCP Rəyasət Heyəti verib. Onun sözlərinə görə, səbəb də həmin şəxsin partiyanın siyasi kursuna zidd addımları olub.

Vəkil Fəxrəddin Mehdiyev vurğulayıb ki, Ə.Kərimli haqqında hökm həm yerli qanunvericiliyə və Konstitusiyaya ziddir, həm də Avropa İnsan Haqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (ifadə azadlığı), 18-ci (hüquq və azadlıqların Konvensiyadan kənar məqsədlərlə məhdudlaşdırılması) maddələrinin pozulması anlamına gəlir.

Ə.Kərimlidən şikayətçi olan A.Əliyevsə AXCP sədrinin daha sərt cəzalanmasını istəsə də, cərimə hökmündən apellyasiya şikayəti vermədiyini deyir: "Elə bilirdim, bunlar da şikayət verməyəcək. Mən də bundan sonra müəyyən addımlar atmalı olacağam".

Tərəflərin çıxışlarından sonra Bakı Apellyasiya Məhkəməsinin hakimləri hökmün qüvvədə saxlandığını elan ediblər.

Ə.Kərimli məhkəmədən sonra AzadlıqRadiosuna qərardan Ali Məhkəməyə şikayət edəcəyini bildirib. O bu instansiyadan da ədalətli qərar gözləmədiyini, məqsədinin yerli instansiyaları keçib Avropa Məhkəməsinə şikayət etmək olduğunu söyləyib: "Mən bütün hüquqi addımları atacağam. Bu gün başqa bir diqqətçəkən hadisə də oldu - Aydın Əliyev məni yeni cinayət işi ilə hədələdi. Mən bilirdim ki, hakimiyyət məndən bu hökmlə əl çəkməyəcək. Bu ölkədə prinsipial müxalifət olmaq asan deyil".

Xatırlatma

AXCP sədri barəsində daha öncə (bu təşkilat Azərbaycan Xalq Cəbhəsi adlandığı və Ə.Kərimlinin həmin təşkilatda sədrin müavini olduğu zaman) - 1994-cü ilin sentyabrında cinayət işi qaldırılmışdı. O zaman hüquq-mühafizə qurumları Ə.Kərimlinin cibindən partlayıcı maddə tapıldığını bildirmişdi. Həmin vaxt o, həbs edilsə də, həbsdə elə də uzun müddət qalmamışdı.

Ə.Kərimli ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə üz tutsa da, 1994-cü ildə açılan cinayət işi əsas gətirilərək ona yeni pasport verməkdən imtina edilmişdi.

Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyulun 16-da Ə.Kərimliyə pasport verilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlayıb. Məhkəmə pasport verilməməsini onun Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində (hərəkət etmək azadlığı) nəzərdə tutulan hüquqlarının pozuntusu kimi qiymətləndirib. Məhkəmə mənəvi ziyana və çəkilmiş digər xərclərə görə dövlətin Ə.Kərimliyə 8 min 600 avro kompensasiya ödəməsinə qərar versə də, AXCP sədri hələ də xarici pasport ala bilməyib.