Birinci qrup əlil olan ictimai fəala hökm oxundu

Famil Xəlilov

7 ay həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılan birinci qrup əlil, ictimai fəal Famil Xəlilova fevralın 6-da hökm oxunub. Ona Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə 3 il şərti cəza verilib.

İstintaq zamanı F.Xəlilova Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə də ittiham verilmişdi. Ancaq Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası məhkəmə hökmündə həmin ittihamı 234.1-1 maddəsinə tövsif edib.

F.Xəlilov özünü heç təqsirli bilmir. O, hökmdən öncəki sonsözündə də narkotik ittihamının əsassız olduğunu deyərək bəraət istəyib. İctimai fəal üzərində narkotik olmadığını vurğulayıb.

Vəkil Fariz Namazlı AzadlıqRadiosuna bildirib ki, müvəkkilinə şərti cəza verilsə də, hökmdən razı qalmayıb. Bu üzdən, apellyasiya şikayəti verəcəklər: "Famil Xəlilov təqsirsizdir və biz onun haqqında bəraət hökmü çıxarılmasını istəyirik".

Xatırlatma

Ötən il mayın 2-də həbs edilən F.Xəlilov dekabrın 3-də ev dustaqlığına buraxılmışdı. Cinayət işində onun cibindən 13 qramdan çox metamfetamin (patı) tapıldığı iddia olunur.

İctimai fəalsa deyir ki, mayın 2-də hamamda həyat yoldaşı onu yuyundurarkən polislər evlərinə basqın edib, narkotiki də özləri gətirib qoyub: "Qapını qızım açıb. Məni yoldaşım geyindirdi, sürüyə-sürüyə pilləkənləri çıxardılar, əvvəlcədən göy salfetdə gətirdikləri narkotiki qoydular ki guya evdən tapıblar. Əvvəl elə düzüb-qoşmuşdular ki, guya evdən tapıblar. Küçədə saxlamaq söhbəti sonra ortaya çıxdı".

Son 3 il ərzində Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfər narkotik və başqa ittihamlarla həbs olunub.

Onlar həbslərini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah ediblər.

Amma rəsmilər, bir qayda olaraq, insanların ölkədə tənqidi mövqelərinə görə əsassız yerə təqib olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

Readmissiya –dövlətin digər ölkələrin ərazisinə qanunsuz daxil olan şəxsləri geri qəbul etməsidir.

Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə bəlli öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir.