Tacikistanda müstəqil medianı hədəf alan yeni repressiya dalğasında veteran jurnalistlərdən biri bölgə məmurlarını tənqid etdiyi üçün həbsə atılıb. Bir başqa reportyora da açıqlanmamış ittihamlarla 17 il həbs cəzası kəsilə bilər.
Tacikistanın cənubunda yerləşən Kulyab şəhərində yerli qəzetin 63 yaşlı baş redaktoru Əhməd İbrohim yanvarın 10-da rüşvətxorluq, mənimsəmə və ekstremizm ittihamları ilə 10 illik həbs cəzasına məhkum edilib. Onun özü bu ittihamların hamısını rədd edir.
Ölkənin paytaxtı Düşənbədə müxtəlif media qurumlarında çalışmış 31 yaşlı müstəqil jurnalist Ruxşona Hakimova qapalı qapılar arxasında keçirilən məhkəmənin hökmünü gözləyir. Ona qarşı irəli sürülən ittihamlar açıqlanmayıb.
Saxta ittihamlar normaya çevrilib
Hökumət Hakimovanın işinin "məxfi" olduğunu deyib. Məhkəməyə yaxın mənbələr deyiblər ki, Hakimova vətənə xəyanətdə suçlanır və prokurorluq ona 17 illik həbs cəzası verilməsini tələb edir.
AzadlıqRadiosunun tacik xidmətinin hazırladığı materialda deyilir ki, 2022 və 2023-cü illərdə Tacikistanda, ən azı, daha səkkiz jurnalist və bloqerə saxta ittihamlarla uzunmüddətli həbs cəzaları kəsilib.
2012-ci ildə veteran jurnalist İbrohim 10 minədək tirajı olan "Payk" qəzetini təsis edib. Yerli xəbərləri işıqlandıran qəzet, əsasən, siyasi mövzulardan uzaqdır.
Tacikistanın cənubunda yerləşən Xatlon vilayətinin yeganə müstəqil media qurumu olan "Paik" yerli məmurların vəzifələrindən sui-istifadəsini tənqid etməkdən çəkinməsə də, hökumətə loyal qəzet sayılırdı.
"İbrohim bir dəfə Kulyab şəhər icra hakiminin dövlətin pulundan istifadə edərək anasının qəbrinə yol çəkdirdiyi haqda xəbər yazıb. Əlbəttə, belə xəbər məmurların xoşuna gəlməyib", - İbrohimə yaxın bir qaynaq AzadlıqRadiosunun tacik xidmətinə belə deyib.
Düşənbədə Hakimovayla vəkili, eləcə də qohumları mediaya danışmaqdan boyun qaçırırlar. Jurnalistin işindən xəbərdar olan qaynaqlar da onlara məlumatı açıqlamamaq əmri verildiyindən danışa bilmədiklərini deyirlər. Hakimova hazırda ev dustaqlığındadır.
Ruxşona Hakimova
Qorxu və özünüsenzura ortamı var
Mənbələr Hakimovaya qarşı xəyanət ittihamının onun Çinin Tacikistana təsirinə dair keçirdiyi ictimai sorğudan qaynaqlandığını deyirlər. O bu sorğunu ötən il öz jurnalist fəaliyyəti çərçivəsində keçirib. Çin Tacikistandan ötrü önəmli iqtisadi tərəfdaşdır.
Düşənbədə bir neçə yerli jurnalist AzadlıqRadiosuna deyib ki, İbrohim və Hakimovaya qarşı açılan cinayət işləri ölkədə qorxu və özünüsenzura ortamını daha da dərinləşdirib.
"Hökumətin, özəlliklə prezidentin tənqid edilməsi Tacikistan mediasında görünməmiş bir şeydir. Hər bir iri media orqanı Emoməli Rəhmonun ifrat tərifi ilə məşğuldur", - Düşənbədə anonimlik şərtiylə danışan bir jurnalistin sözləridir.
Orta Asiyanın ən uzun müddət hakimiyyətdə olan liderlərindən biri sayılan Rəhmon 1992-ci ildən bəri konstitusiya düzəlişləri, siyasi repressiya və fərqli düşüncəni boğmaq kimi yollarla hakimiyyət üzərindəki nəzarətini gücləndirib.
"Bizim mediada doğru təhlil və araşdırma jurnalistikasına yer yoxdur. Siz heç bir rəsmi şəxsi sorğulaya bilməzsiniz; müsahiblər danışmağa çox qorxurlar. Hamı qorxur. …Biz, sadəcə, ziyansız, səthi mövzuları seçirik. Gerçək jurnalistika ölür və onu hökumət öldürür", - həmin jurnalist deyir.
AzadlıqRadiosuna anonimlik şərtiylə danışan daha bir tacikistanlı jurnalist deyib ki, İbrohimin həbsindən sonra media qurumları artıq elektrik enerjisi qıtlığı kimi yerli məsələlərdən yazmağa da çox qorxurlar.
"Avtokratik hökumət öz xilasını insanları qorxu içində saxlamaqda, onları boğmaqda görür. Jurnalist həbsləri digər jurnalistləri susdurmaq üçün onlara mesaj göndərmək məqsədi daşıyır", - Avropada yaşayan tacikistanlı jurnalist Zəfər Sufi belə deyir.
Ulfətxonim Məmədşoyeva
Son illərdə həbsə atılan jurnalistlər arasında Tacikistanın şərqində yerləşən Dağlıq Bədəxşan bölgəsində hökumət əleyhinə etirazlar təşkil etmək ittihamı ilə 21 illik həbs cəzasına məhkum edilən Ulfətxonim Məmədşoyeva da var.
Bloqer Daler İmoməli yasaqlanmış "Qrup 24" müxalifət hərəkatı ilə bağlı olmaq ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib.
Daha altı jurnalist və bloqer qadağan edilmiş müxalifət partiyaları ilə əməkdaşlıq, ekstremizm və dövlətin rəsmi şəxsini təhqir etmə kimi ittihamlarla həbs cəzaları alıb. Jurnalistlər etiraf etməyə məcbur edildiklərini deyiblər.
"Fərqli düşüncəyə dözümsüz mütləq güc"
Həbs edilən 46 yaşlı bloqer Əbdusəttor Pirmuhəmmədzodə məhkəmədən öncə dəfələrlə döyüldüyünü və elektrik cərəyanına verildiyini, son nəticədə yasaqlanmış Tacikistan İslam İntibah Partiyası ilə bağlarının olduğunu boynuna almağa məcbur qaldığını söyləyib.
Pirmuhəmmədzodə sosial məsələlər, o sıradan Tacikistanda tüğyan edən işsizlik haqda xəbərlər hazırladıqdan sonra həbs edilib.
Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiəsi Komitəsi (CPJ) ötən il dərc etdiyi illik hesabatında bildirib ki, Rəhmonun özünü "fərqli düşüncəyə heç bir dözümlülüyü olmayan mütləq güc" kimi ortaya qoyması fonunda Tacikistanda media mühiti son 30 il içində ən pis duruma düşüb.